BİR NEÇƏ SÖZ
Ulu dil bəşərin sübh çağından nəhəng bir varlıq kimi boylanır. Öz törəmələrini hesaba almaq istəsə, təəccüb edər, çaşıb qalar. Onun ilk övladlarından – protodillərdən törəyən, bir dil ailəsi tərkibində birləşən qəbilə, tayfa, xalq dilləri, xalq dilləri daxilində ədəbi dil, dialekt və şivə qolları... – bunlar sanki on-on beş min il ərzində həndəsi silsilə ilə artıb-çoxalıb. Ən maraqlısı da budur ki, bütün bunlarda böyük bir nizam var, poeziya var, son dərəcə böyük qanunauyğunluqlar var. Dərinliklərə baş vurduqca, keçmişini öyrəndikcə insan özündə mənəvi yüksəklik duyur...
«Sənət
düşüncələri» nə (1997) daxil olmayan xeyli
məqaləm qalmışdı. Son illərdə daha ardıcıl işləmək imkanım olub.
Keçən beş ildə ali məktəblər üçün «Müasir
Azərbaycan dili (sintaksis)» dərsliyi, (2000,
2004), «Azərbaycan
dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər)»
(2003) adlı monoqrafiya yazıb çap etdirmişəm, rus dilində
«Komizm
nəzəriyyəsi» kitabım (2004) nəşr olunub.
Dilin yaranması, dil tarixi, dialektologiya, türkologiya, söz
birləşməsi, cümlə və mətn problemlərinə dair xeyli məqalə yazmışam.
Yazıçı dilinə, bədii əsərlərin təhlilinə, görkəmli elm və sənət
adamlarının portret cizgilərinə, metodika məsələlərinə həsr olunmuş
məqalələrim var. Bunların, demək olar ki, hamısı mərkəzi qəzet
və jurnallarda çap olunub. Kitaba daxil edərkən mən onların üzərində
yenidən işləmədim, yalnız redaktə xarakterli düzəlişlər etdim.
Məqalələrdə keçmiş quruluşa münasibətim olduğu kimi qalmaqdadır.
Mövzudan və üslubdan asılı olaraq, məqalələr müxtəlif keyfiyyətdədir. Bunların içərisində ilk qələm təcrübələrim də var, yaxın vaxtlarda yazdıqlarım da.
Hörmətli oxucu üçün xoş duyğular yaradan faydalı və isti bir söz tapılan anlarda mən də ruhən şad olacağam.
Qəzənfər Kazımov
12.11.2004