BAŞ SƏHİFƏ
E-MƏKTUB
KEÇİDLƏR
QEYDLƏR

TƏŞƏKKÜRLƏR
- prof. Q.KAZIMOV
- IATP
- WEBStudio.az

 

Q.Ş.Kazımov. Dil, tarix və poeziya.
Beş fəsildən ibarət olan bu kitabda müəllifin dil və onun mənşəyi, dilimizin tarixi, dialektologiya, türkologiya, müasir dil və dilin tədrisi problemlərinə dair məqalələri toplanmışdır. Burada oxucu, eyni zamanda, bir sıra müsahibələrlə, dilçilik ədəbiyyatının, yazıçılarımızın əsərlərinin ədəbi-estetik və linqvistik təhlili ilə, görkəmli adamların həyatından bəhs edən xatirə-yazılarla da tanış olacaqdır.

Rəyçilər: S.A.Sadıqova, filologiya elmləri doktoru; Z.Ş.Əsgərli, filologiya elmləri doktoru.
Elmi redaktoru: R.H.Eyvazova, filologiya elmləri doktoru.

 



 

SEÇİLMİŞLƏR

 


Ulu dilin yaranması və protodillərə parçalanması.Türk protodili /

Azərbaycan tarixi – 1: dövlət, etnogenez və dilimizin mənşəyi məsələləri /

Aşina və Azərbaycan /

Müasir Axısqa dilinin tədqiqi. /

Bir dərslik haqqında. /

Xalq poeziyasında daşlaşan tariximiz. /

Tariximizə, dilimizə məhəbbətlə./

Dilimizin bu günü. /

Nizami Cəfərov. «Azərbaycanşünaslığa giriş». /

Ağamusa Axundov. «Dil və ədəbiyyat» iki cilddə. /

Bədii ədəbiyyatda xüsusi adların komik təbiəti. /

T.İ.Hacıyev və K.N.Vəliyev. Azərbaycan dili tarixi (oçerklər və mətnlər). /

Nəriman Nərimanov – 125. /

Dəliliyin xeyiri. /

«Tiqana» /

Dədə Qorquda müraciətlə «Dədəm Qorqut» poeması. /

Alim ömrü. /

«İzahlı dilçilik lüğəti». /

«VII-VIII siniflərdə Azərbaycan dili dərsləri». /

«Azərbaycan dili»nin yeni nəşri. /

Qeydlər /


DİGƏRLƏRİ

 


AFTOBİOQRAFİYA /

ƏSƏRLƏRİNİN BİBLİOQRAFİYASI /

Azərbaycan dilinin tarixi (ən qədim dövrlərdən XIII əsrə qədər) /

Sənət düşüncələri /

Dilimiz-tariximiz /

Müasir Azərbaycan dil /

Теория комического (проблемы языковых средств и приемов). Баку, «Тахсил», 2004 /

SÖZ DEYƏNLƏR

Cahid İsmayiloğlu | Etnik Tarihimize ve Dilimize Yeni Bakış Açısı (Türkçe) /

Cahid İsmayiloğlu | Etnik Tariximize ve Dilimize Yeni Baxış (Azeri Dilinde) /

 

 

 
MÜNDƏRİCAT / III. ƏDƏBİ DİL, BƏDİİ DİL, TƏNQİD VƏ ƏDƏBİYYATŞÜNASLIQ /

FÜZULİDƏN PRAKTİKUM

 

S.M.Kirov adına ADU-nun dosenti Samət Əlizadə Füzulinin türk dilində divanının materialları əsasında «Azərbaycan ədəbi di­li tari­xin­dən praktikum» adlı dərs vəsaiti hazırlamışdır.

Füzulinin şeir dilinə həsr olunmuş 83 səhifəlik bu əsər yığcam girişdən, müxtəlif mətnlərdən, onların lüğətindən və şərhindən iba­rətdir. «Bir neçə söz» - praktikumun tərtibi üsuluna, Füzuli sə­nə­tinin böyüklüyünə həsr olun­muşdur.

Əsərdə 30-a yaxın qəzəlin, 9 qitənin, 3 rübainin və 18 beytin şər­hi verilmişdir.

Müəllif Füzuli əsərlərinin 1958-ci il nəşrinə əsaslansa da, qəzəl­lə­ri, qitə, rübai və beytləri şairin qədim əlyazma nüsxələri ilə yoxla­mış, texniki qüsurlarını düzəltmiş, qəzəllərdə ayrı-ayrı beytlərin yerini dəqiqləşdir­miş­dir.

Hər bir qəzəlin, rübainin, qitənin ardınca onun lüğəti - alınma və arxaik sözlərin izahı verilmişdir.

Məlumdur ki, Füzuli əsərlərinin şərhi çox çətin məsələdir. Şa­i­­­­rin qəzəllərinin düzgün şərhi filoloq alimdən çox böyük hazırlıq tələb edir; bunun üçün şairin yaşadığı dövrün (və ondan çox-çox əv­vəllərin) fəl­səfəsini, ictimai-siyasi həyat tərzini, dini, et­no­qrafiyanı, saysız-hesabsız qə­dim Şərq əfsanələrini, kökü üç-dörd min il əvvələ gedən hadisələri bil­mək, sözün məcazilik imkan­larından, poetik dilin xüsusiyyətlərindən kamil şəkildə baş açmaq tələb olunur. Əks təqdirdə Füzulinin sax­talaş­dırılmasına, bəsit­ləşdirilməsinə, Füzuli dərinliyinin, Füzuli eyham və işarə­lərinin itirilməsinə və nəticədə süni surətdə Füzulinin «müflis­ləş­diril­­mə­si»nə aparıb çıxara bilər.

Samət Əlizadənin şərhləri başlanğıcdan - bir-iki qəzəlin şər­hi ilə tanış­lıqdan sonra bu qorxunu aradan qaldırır. Aydın olur ki, mü­əllif (S.Əlizadə) Füzuli sənətinin həqiqi şərhini vermək imkanına qabil olan bir alimdir. O, həqiqətən, Füzulini duyur və bu duyğunu, Füzuli fikrini başqa şəkildə, başqa bir dil ilə oxucuya çatdıra bilir.

S.Əlizadənin şərhləri Füzuli istəyini uğurla ifadə edə bil­diyindən bu əsəri çox müvəffəqiyyətli saymaq olar. Ona görə də bu əsərdən yalnız Azə­rbaycan Dövlət Universitetinin tələbələri de­yil, bütün pedaqoji institutların tələbələri, orta məktəbin dil-ədəbiyyat müəl­limləri, gənc elmi işçilər və bütün Füzuli pərəs­tiş­karları fayda­la­nacaqdır.

Doğrudur, qəzəlləri müəllifin hansı prinsipə əsasən seçdiyi məlum deyil (müəllif ədəbi dil tarixi proqramını, orta məktəb proq­­ramını və s. əsas götürə bilərdi), lakin ümumən yaxşı qə­zəl­lər seçmişdir. Bəlkə də, Füzulidə pis qəzələ rast gəlmək müm­kün deyil, lakin «yaxşı» dedikdə biz rənga­rəngliyi nəzərdə tuturuq - 20-30 qəzəllə müəllif Füzuli sənəti haqqında, Fü­zuli dilinin poe­tik imkan­ları haqqında geniş təsəvvür yarada bilmişdir. Qitələr, rübailər, beytlər də belədir.

Nömrələnmiş beytlərin ardıcıl şərhi və bu işin ayrı-ayrı qəzəl­lər üzrə davam etdirilməsi Füzulinin fikir silsiləsini, Füzuli sənə­tinin hamı tərə­findən etiraf olunan böyüklüyünü əyani şəkildə dərk etməyə kömək edir.

Ərəb, fars mənşəli çətin sözlərin, izafət tərkiblərinin, arxaik söz və ifadələrin bilavasitə mətnin ardınca verilməsi, şübhəsiz, oxucunun işini asanlaşdırır, müqayisələr aparmağa, şərhləri ob­yek­tiv şəkildə qəbul etmə­yə imkan yaradır.

Bizdə, hələlik, bu şəkildə hazırlanmış praktikum birincidir. Mətn­lər, onların lüğəti və mətnlərin dəqiq şərhi. Müəllifin böyük məharəti də bu şərh­lərdədir, auditoriya üçün də bunlar çox fay­da­lıdır. Lakin burada ənə­nəvi praktikumlar üçün xarakterik olan çalışma və suallar, ədəbiyyat yox­dur.

Lüğətdə bir sıra sözlərin təkrarını müəllif özü görüb qeyd et­miş­dir. Bu, ümumən texniki cəhətdən qüsur olsa da, oxucunun xey­rinədir, lakin təfəkkürü aktuallaşdırmaq yox, avtomatlaş­dır­maq baxımından faydalıdır. Həm də burada ərəb, fars və türk mən­­şəli sözləri müəllif şərti işarələrlə çox asanlıqla ayıra bilərdi (bu, indi də gec deyil).

Lüğətlərdə sözlərin çox zaman mətni mənası, məcazi mənası, məna çalarları nəzərə alınmışdır. Az hallarda diqqətsizlik də mü­şahidə olunur (hübab- «köpük qabarcığı», başqa şeirdə: «köpük», «qa­­barcıq» - bu sonrakı düz­dür; təqsir - «qüsurlu», «nöqsan» - biri isim, biri sifət və s.).

Müəllif ən incə eyhamları da tutmağa çalışmışdır:

 

 

Məni qərarım ilə qoymaz oldun, ey gərdun.

Yeridir ahim ilə versəm inqilab sana -

beytini nəsrlə düzgün vermişdir: Ey fələk, məni öz istəyimlə qoy­ma­dın; səni öz ahımla devirsəm, yeridir. Lakin şərhdə ikinci misranı: Mən ahımın yeli ilə sənin çarxını fırlatmaqda haqlıyam - şəklində fərqli izah etmiş, inqilabın nə şəkildə, hansı vasitə ilə ic­ra olunduğunu da izah etmişdir (səh. 4-6).

Doğrudur, qədim elmlərə daha dərindən bələd olmaqla, Füzuli qəzəllərinin şərhini daha da dərinləşdirmək olar. Lakin indiki hal­da müəl­lifin şərhləri tam qənaətbəxşdir. Onlara irad tutmaq, on­ların şərhini bun­dan artıq genişləndirmək çətindir. Çox az hallarda müəllifin şərhinə etiraz et­mək olur:

 

Gər basıb əl nəbzimə, təşxis qılsan dərdimi,

Al əmanət, qılma hər bidərdə izhar, ey həkim! -

beytində əmanət al - sözləri ilə nəyin nəzərdə tutulduğu bi­linmir və izah edilmir. Bu şerin birinci beyti: Ey həkim, canımda gizli bir xəstəlik var, amandır, gizli dərdimi xalqa bildirmə - şək­lin­də izah olunur; Füzuliyə bə­ləd olmayan oxucu bunu əməlli xəs­təlik kimi başa düşə bilər, çünki şairin dediyi «eşq» sözü, «eşq dərdi» burada xatırlanmır.

Gəl mənim tədbiri-bihudəmdə sən bir səy qıl - misrasını: Sən gəl mənim hədər tədbirimi artır, ey həkim, çalış ki. .. şəklində izah edir, halbuki artırmaq söhbəti yoxdur, səy qıl - səy elə .

Son beytdə (Rənc çəkmə, sihhət ümmidin…) «qəbuli-sihhət etməz» sözləri - «sağala bilməz» kimi izah edilir, burada bir ob­yek­tivlik var; Füzuli de­diyində isə xəstənin sağalmaq istəməməsi kimi subyektiv münasibət duyulur.

Bu cür mübahisə doğura bilən şərhlər yenə göstərmək olar. La­kin yığ­cam şərhdə təbii olaraq hər şeyi ifadə etmək həmişə müm­kün olmur.

Hiss olunur ki, bəzən orfoqrafiyada müasirləşdirmələr var:

 

Yerdən, ey dil, göyə qovmuşdu sirişgim mələgi,

Onda həm qoymayacaqdır oları əfqanım -

misralarında göyə yox, «gögə», onda yox, «anda» ola bilər­di. Bunu:

 

Ey Füzuli, qədimiz qıldı fələk xəm, yəni:

Vəqtdir çıxmağa dünya qapısından, əyilin -

beytindəki bəzi sözlər haqqında da demək olar.

Əsərin girişi çox yığcam və tutarlı yazılmışdır. Lakin burada prak­tiku­mun hazırlanmasının məqsədi, beytlərin, qəzəllərin, qitə və rübailərin se­çil­­mə prinsipi, əsərin kimlər üçün nəzərdə tu­tulduğu barədə də məlumat vermək olardı. Ciddi elmi dil ilə ya­zıl­mış bu girişdə: «Bu kitabça Füzuli gülüstanından bağlanmış ki­çik bir dəmət olub», «çətin sözlərin üzündəki pərdənin gö­türül­məsinə», «Füzuli dəryadır! Həmin sətirlərin müəllifi bu dəryadan ovcu tutduğu qədər götürmüşdür!» kimi Füzulinin öz təsiri ilə yaranmış, daha çox gənc olanlara xoş gələ bilən cümlə və ifadələr də vardır.

Bu cür cüzi nöqsanlara baxmayaraq, müəllif çox diqqətlidir. Əsər­də artıq söz və ifadələrə, üslub nöqsanlarına rast gəlmək çə­tin­dir. Əsər mü­hüm tədris əhəmiyyəti ilə yanaşı, Füzulisevərlərə qiymətli hədiyyə ola­caqdır.

Praktikum ilk tanışlıqdan yüksək təəssürat doğurur. Bütün bu cəhət­lərini nəzərə alaraq, onun çap olunmasını faydalı və zəruri hesab edirik.

 

2 7. 12.1982

 

 

© 2006 Copyright WS Web Design Studio: www.webstudio.az mail@webstudio.az